Ekspert: “Xırda qəpikləri qəbul etməmək yekəxanalıqdır”
Cəmiyyət
12.06.2025 17:51
Azərbaycanda bir çox mağaza və vətəndaş xırda qəpikləri, xüsusilə 1, 3 və 5 qəpiklikləri ya qəbul etmir, ya da onları “yararsız” hesab edir.
Bank üzrə ekspert Əkrəm Həsənov TodayPress TV-yə açıqlamasında bu halın qanunsuz olduğunu bildirib.
Ekspertə görə, xırda qəpiklərin istifadə edilməməsi həm hüquqi, həm də iqtisadi baxımdan ciddi problemdir.
“Mağazanın da, alıcının da 1, 3 və 5 qəpiklik sikkələri qəbul etməmək ixtiyarı yoxdur. Əgər qaytarılan pulun qalığında bu qəpiklər varsa, ona etiraz etmək olmaz. Çünki bu sikkələr qanuni ödəniş vasitəsidir və Azərbaycan ərazisində hər kəs tərəfindən qəbul edilməlidir".
Mütəxəssisin fikrincə, vətəndaşların xırda qəpiklərdən yayınmasının arxasında cəmiyyətin pul mədəniyyətinə yanaşmasındakı problemlər dayanır:
“Bir çox insan bu qəpikləri ya atır, ya da sadəcə istifadə etmir. Halbuki bunları yığıb böyük məbləğə çevirmək mümkündür. İnsanlar sadə bir qəpik kassa sistemi qurub, illər ərzində nə qədər pul itirdiklərini görə bilərlər. Bu məsələdə təkcə iqtisadi deyil, psixoloji amillər də rol oynayır. Cəmiyyətimizdə bir növ yekəxanalıq yaranıb. Biz 2015-ci ilə qədər yaxşı güzəran gördük. Halbuki ona layiq deyildik. Buna görə insanlar xırda pulu bəyənmirlər. Halbuki 1990-cı illəri görənlər bilir ki, 1 qəpiyin necə dəyəri var idi, hamı onun qədrini bilirdi", - deyə Əkrəm Həsənov yekunlaşdırıb.
Türkan İsgəndərli
tag: Azərbaycan,Mağaza,Qəpik,Əkrəm Həsənov ,todaypress.tv,
