Ekspert: “Sualların satılması ilə bağlı iddiaları uğursuz müəllimlər səsləndirirlər”

Cəmiyyət

04.07.2025 17:50

Bir müddətdir ki, müəllimlərin sertifikatlaşdırılması, Lisey və Gimnaziyalarda sualların satılması ilə bağlı iddialar səsləndirilir.

Təhsil eksperti Elmin Nuri TodayPress TV-yə açıqlamasında bildirib ki, əvvəlki illərlə müqayisədə hazırda bu sahədə şəffaflıq və nəzarət artıb, kütləvi köçürmə hallarının olması mümkün deyil:

“Əvvəlki illərdə, xüsusilə 2021-2022-ci illərdə müəyyən texniki və təşkilati çatışmazlıqlar müşahidə edilirdi. Lakin 2025-ci ildə artıq proses daha sistemli və şəffaf şəkildə təşkil olunur. İmtahanlar kompüter mərkəzlərində, kameraların müşahidəsi altında keçirilir. Hər hansı şikayət olarsa, həmin görüntülərə əsasən araşdırma aparılır”. 

Ekspert qeyd edib ki, bəzi müəllimlər imtahan zamanı müəyyən şəxslərə yardım göstərildiyini iddia etsələr də, bu fikirlər ümumiləşdirilə və prosesin bütövlüyünə kölgə sala bilməz:  

“Bu iddialar uğurlu nəticə göstərə bilməyən müəllimlər tərəfindən səsləndirilir. Mən test mərhələsində monitorinq prosesində iştirak etmişəm. Orada yaradılan şərait ildən-ilə daha da təkmilləşir. Hər hansı bir kütləvi köçürmə halından söhbət gedə bilməz. İstisnalar mümkündür, lakin bunların sistemli xarakter daşıması inandırıcı deyil. Lisey və Gimnaziya imtahanları, eləcə də müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında da kütləvi qaydada köçürmə qeyri-mümkündür. Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan heç bir imtahanda kütləvi şəkildə köçürməyə şərait yaradılması mümkün deyil. Bu cür iddiaların şişirdilməsi təhsil sisteminə zərər verir və real mənzərəni təhrif edir”, - deyə Elmin Nuri fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

tag: Elmin Nuri,Ekspert,Suallar,Müəllimlər,Satış,Todaypress.tv,

photo