DSX-də Milli Qurtuluş Günü münasibətilə tədbir keçirildi
Cəmiyyət
14.06.2025 12:30
Dövlət Sərhəd Xidmətinin Aparatında, struktur qurumlarında və hərbi hissələrində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib.
TodayPress TV xəbər verir ki, dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd olunub ki, 1993-cü ilin iyununda xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmadan, vətəndaş qarşıdurmasından xilas edərək dövlətçiliyimizin əsasını möhkəmləndirmiş, ordu quruculuğu və təhlükəsizlik sahəsində mühüm islahatlara imza atıb.
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının və onun siyasi kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin regionun lider dövlətinə çevrildiyi, torpaqlarımızın işğaldan azad edilməsi ilə suverenliyimizin tam bərpa olunduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin Milli Qurtuluş Günü ilə əlaqədar təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.
Dövlət Sərhəd Xidməti rəisinin təbrik telefonoqramında Milli Qurtuluş Gününün müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında və ölkədə sabitliyin, inkişafın təmin olunmasında tarixi dönüş nöqtəsi olduğu bildirilib.
Tədbirlərin sonunda şəxsi heyətə “Qurtuluşa doğru” sənədli filmi nümayiş etdirilib.
tag: DSX,Tədbir,Milli Qurtuluş,Günü,Todaypress.tv,


