Çörəyin QİYMƏTİ ARTACAQ? - İddialara aydınlıq gətirildi
Cəmiyyət
17.07.2025 17:24
Son günlərdə çörəyin qiymətinin artacağı ilə bağlı iddialar yayılıb. Bəzi mənbələrdə qiymət artımından, digərlərində isə çəkidə və qiymətdə dəyişiklik edilərək yeni məhsulun satışa çıxarılacağı bildirilir.
Mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib ki, hazırda çörəyin qiymətinin artırılması üçün iqtisadi əsaslar yoxdur?
“Müxtəlif çörək zavodları bildirirlər ki, çəkini artırmağa məcburuq, əks təqdirdə miqdar az olduğu üçün çörək tez quruyur. Bu fikir əlbəttə ki, absurddur. Məsələnin digər tərəfi odur ki, artıq 3 aydır unun qiyməti stabildir, yanacaq və daşınma xərclərində də artım olmayıb. Ona görə də qiymət artımı əsassızdır”.
İqtisadçının sözlərinə görə, çörək elə bir məhsuldur ki, qiymətindən asılı olmayaraq, insanlar onu almağa davam edirlər. Amma əvvəlki dövrlə müqayisədə bir nəfər üçün istehlak miqdarında azalma müşahidə olunur.
“Çörək alternativi olmayan istehlak məhsuludur. Qiymətindən asılı olmayaraq, vətəndaş onu almağa məcburdur. Həm də elə bir məhsuldur ki, qiymət artdıqca istehlak azalır. Məsələn, çörəyin qiyməti 10 qəpik olsa belə, heç kim gedib 1 kisə çörək almayacaq. Sadəcə gündəlik ehtiyac qədər alacaq. Bu ət deyil ki, buzxanada saxlanılsın, ya da çay, qənd deyil ki, qurudub illərlə saxlasınlar. Hər bir Azərbaycan ailəsi hər gün azı 1 ədəd çörək alır. Bununla yanaşı, qeyd edim ki, 7145 ton çörək itkiyə gedir, - deyə Günay Hüseynova fikrini yekunlaşdırıb.
Türkan İsgəndərli
tag: Günay Hüseynova,İqtisadçı,Çörək,Qiymət,Artım,Todaypress.tv,
