Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür
Cəmiyyət
20.07.2025 14:05
Həftə sonları istirahət məqsədilə Bakı çimərliklərinə üz tutanların sayında kəskin artımı nəzərə alaraq, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən sahilboyu ərazilərin təmizliyi ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülür.
TodayPress TV xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Departamentdən verilən məlumata görə, çimərliklərdə tullantı konteynerlərinin sayı artırılıb və yeni məişət tullantıları meydançaları salınıb.
Qeyd edilib ki, təmizlik işçiləri Bakıdakı bütün çimərliklər üzrə gücləndirilmiş iş rejiminə keçib və fasiləsiz olaraq çalışırlar.
Bundan əlavə, istirahət üçün çimərliklərə üz tutan vətəndaşlar arasında maarifləndirmə işləri aparılır, ətrafa atılan tullantıların həm insan sağlamlığına, həm də ekoloji mühitə mənfi təsirləri ilə bağlı məlumat verilir.
Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti bir daha sakinlərə müraciət edərək tullantıların müəyyən edilmiş xüsusi yerlərə atılmasını xahiş edir.
tag: Çimərlik,Təmizlik,Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti ,Sahil,Todaypress.tv,

