Çimərliklər pullu olacaq? – AÇIQLAMA
Cəmiyyət
17.07.2025 16:35
Yay mövsümündə vətəndaşların çimərliklərə axını artdıqca, bu məkanlarda sanitar-gigiyenik vəziyyət də əsas müzakirə mövzusuna çevrilir.
Ekoloq Qorxmaz İbrahimli TodayPress TV-yə açıqlamasında bildirib ki, istər pullu, istərsə də pulsuz çimərliklərdə təmizlik qaydalarına əməl olunmalıdır.
“Çimərliyə gələn hər bir şəxs sanitar qaydalara riayət etməlidir. Ərazini zibilləmək yolverilməzdir. Bunun üçün həmin ərazinin pullu və ya pulsuz olmasının heç bir fərqi yoxdur. Bəzi vətəndaşlar pullu çimərliklərdə xidmət haqqı verdiklərini əsas gətirərək məsuliyyətsiz davranırlar. Pullu çimərlik ərazisinə zibil atırlar ki, pul vermişəm, onsuzda yığışdıracaqlar. Bu, sırf mədəniyyət və tərbiyə məsələsidir. Təəssüf ki, bir çox insanlar çimərliklərdən istifadə etdikdən sonra oraları bərbad vəziyyətdə qoyurlar”.
Ekspert qeyd edib ki, çimərliklərdəki anti-sanitariya halları daha çox gecə saatlarında müşahidə olunur. Onun fikrincə, bunun kökündə mədəniyyət və təhsil səviyyəsinin aşağı olması dayanır:
“Kimliyindən asılı olmayaraq, qadın, kişi, uşaq hər kəs məsuliyyətli davranmalıdır. Amma təəssüf ki, bəzi şəxslər uşağın bezini, plastik qabları, müxtəlif tullantıları çimərlikdə atıb gedirlər”.
Ekoloq çimərliklərdə xidmətin pullu olmasına qarşı çıxaraq bunun problemi həll etməyəcəyini bildirib:
“Pulsuz çimərlikləri pullu etmək çıxış yolu deyil. Əgər məqsəd təmizliyi təmin etməkdirsə, bu, maarifləndirmə yolu ilə olmalıdır. Çünki çimərliyi pullu etmək heç nəyi dəyişməyəcək”.
O, həmçinin Avropa ölkələrindəki təcrübəni nümunə göstərərək vurğulayıb ki, əsas məsələ ictimai nəqliyyatın əlçatanlığı və insanların maarifləndirilməsidir:
“Barselonada metro və avtobusla birbaşa çimərliyə qədər gedə bilirsən. Orada da xidmətlər pulludur. Amma çimərliyin özü pulsuzdur. Bizdə də bunu maarifləndirmə ilə həll etmək olar. Televiziyalarda həm üzgüçülük qaydaları, həm də sanitar normalar haqqında məlumatlar verilməlidir”.
Qorxmaz İbrahimli qeyd edib ki, vətəndaşların mədəniyyət səviyyəsini qaldırmaq və onları məsuliyyətə cəlb etmək üçün ictimai kampaniyalar və sosial reklamlar zəruridir.
Türkan İsgəndərli
tag: Yay mövsümü,Çimərlik,Ödəniş,Todaypress.tv,
