“Bu, kişilərin işsiz qalmasına səbəb olur” – Sosioloqdan ÇAĞIRIŞ

Cəmiyyət

12.06.2025 17:55

Azərbaycanda qadınlar və kişilər arasında orta aylıq əməkhaqqında ciddi fərq var. Belə ki, qadınların orta aylıq nominal əməkhaqqı 791,1 manat, kişilərin əməkhaqqı isə 1159,9 manat təşkil edir.

Bəs bu fərq nə ilə bağlıdır?

Sosioloq Elçin Bayramlı TodayPress TV-yə açıqlamasında bildirib ki, əmək bazarında qadın və kişi arasında maaş fərqi cinsiyyətə görə deyil, yerinə yetirilən işin ağırlığı, çətinliyi və məsuliyyət səviyyəsinə görə müəyyən olunur.

Onun sözlərinə görə, kişilər daha çox ağır fiziki əmək tələb edən, riskli və məsuliyyətli sahələrdə çalışdıqları üçün bu işlərin qarşılığı olaraq aldıqları maaşlar da nisbətən yüksəkdir:

“Əgər eyni işi qadın da yerinə yetirirsə, o da eyni maaşı alır. Sadəcə olaraq, qadınlar daha çox mədəniyyət, təhsil, səhiyyə və turizm kimi rahat sahələrdə çalışırlar. Bu da maaş fərqini şərtləndirir. Azərbaycanda maaşlar ştat cədvəlinə əsasən müəyyən olunur və burada cinsiyyət amili nəzərə alınmır. Əgər qadınlar daha çox qazanmaq istəyirsə, tikintilərdə daş daşıya, palçıq qarışdıra, neft buruqlarında, mədənlərdə işləyə bilərlər".

Sosioloq əlavə edib ki, hər bir vəzifənin konkret maaş norması var və burada "kişidir" və ya "qadındır" fərq edilmir. 

Ekspert eyni zamanda son dövrlərdə əmək bazarında kişilərin müəyyən çətinliklərlə üzləşdiyini də qeyd edib: 

"Hazırda bir çox vakansiyalar yalnız qadınlar üçün nəzərdə tutulur. Ən azı 95 faiz vakansiyalarda qadın işçilərə üstünlük verilir. Bu isə kişilərin işsiz qalmasına və əmək bazarından kənarda qalmasına səbəb olur. Bu tendensiya kişilərə qarşı ayrı-seçkilik yaradılması kimi qiymətləndirilə bilər. O bildirib ki, bu məsələ cəmiyyətdə balanssızlıq yaradaraq sosial narazılıqlara səbəb ola bilər.

Elçin Bayramlının fikrincə, əgər bu cür davam edərsə, kişilərin hüquqları pozulmuş olur və bu da ciddi sosial problemə çevrilə bilər.

Türkan İsgəndərli

tag: Kişi,Qadın,İşsizlik,Sosioloq,Elçin Bayramlı,todaypress.tv,

photo