Bakıda tozlu hava: Ekoloqdan əhaliyə xəbərdarlıq
Cəmiyyət
02.09.2025 16:43
Hazırda Bakıda və Abşeron yarımadasında normadan iki dəfə artıq tozlu hava şəraiti müşahidə olunur.
AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, tozlu hava insan sağlamlığı üçün təhlükə yaradır.
Onun sözlərinə görə, tozlu hava xüsusilə nəfəs yollarına ciddi ziyan vurur:
"Tozlu hava insanın ağciyərlərinə, bronxlarına mənfi təsir göstərir. Çölə çıxmaq məcburiyyəti olan insanlar istər-istəməz bu havanı udurlar. Bu isə yaşlılar, uşaqlar və hamilə qadınlar üçün daha təhlükəlidir. Həmçinin gözlərdə qıcıqlanma, qaşınma kimi problemlərə səbəb ola bilər".
Ekoloq vurğulayıb ki, tozlu havanın yaranmasına əsasən səhralardan qalxan xırda tozcuqlar səbəb olur:
"Azərbaycan ərazisinə daxil olan hava kütlələri əsasən Şimali Afrika, Ərəbistan yaylası və Orta Asiya səhralarından gəlir. Xırda tozlar küləyin təsiri ilə yuxarı qalxır və uzun müddət havada qalaraq müşahidə olunur. Hazırda fırtına ərazimizə cənub-şərqdən daxil olur".
Ənvər Əliyev vətəndaşlara belə havalarda çöldə uzun müddət qalmamağı və sağlamlıqlarını qorumaq üçün ehtiyatlı davranmağı tövsiyə edib.
Türkan İsgəndərli
tag: Ənvər Əliyev,Ekoloq,Bakı,Tozlu Hava,Xəbərdarlıq,Todaypress.tv,
