Azərbaycanla-Çin arasında viza rejiminin ləğvi nə vəd edir? – Ekspert rəyi
Cəmiyyət
16.07.2025 14:36
"Azərbaycanla Çin arasında tətbiq edilən vizasız rejim iki ölkə arasında iqtisadi, logistika və turizm əlaqələrinin daha da genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır".
Bu barədə iqtisadçı Elman Sadiqov TodayPress TV-yə açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, vizasız rejim ilk növbədə hər iki ölkənin vətəndaşları və sahibkarları üçün viza xərcləri və sənədləşmə kimi vaxt aparan prosedurların qarşısını alır:
"Bu, xüsusilə logistika sahəsində önəmlidir. Azərbaycan şirkətləri və yükdaşıma ilə məşğul olan sürücülər artıq vizaya görə vaxt itirməyəcək, daha operativ şəkildə yükləri çatdırmaq mümkün olacaq".
İqtisadçı turizm sahəsində də vizasız rejimin geniş imkanlar açacağını qeyd edib. O xatırladıb ki, Çin prezidentinin də vurğuladığı kimi, əgər bu ölkənin cəmi 0.1 faizi belə Azərbaycana səfər etsə, bu, böyük turizm axını olacaq:
"Hazırda çinli turistlərin gəlişi artır. Onlar əsasən büdcə turistləridir. Bu baxımdan onların sayının çox olması daxili turizm sektoruna ciddi maliyyə töhfəsi verə bilər. Bu imkanlardan yararlanmaq üçün Azərbaycan turizm şirkətləri Çində daha aktiv təbliğat aparmalı və bu ölkənin turizm bazarına inteqrasiya etməlidir".
Ekspert bildirib ki, Çin iş adamları istehsal və emal sahəsində geniş təcrübəyə malikdirlər və yerli bazara məhsul çıxarmaqda fəal ola bilərlər:
"Bu proses müsbət olsa da, diqqətli olmaq vacibdir. Çinli mikro və orta sahibkarların bazara daxil olması yerli istehsalçılar üçün rəqabət riskini artıra bilər. Bu səbəbdən yerli sahibkarların maraqları qorunmalı, onlara dəstək tədbirləri gücləndirilməlidir", - deyə Elman Sadiqov fikrini yekunlaşdırıb.
Qeyd edək ki, bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir.
Türkan İsgəndərli
tag: Elman Sadiqov,İqtisadçı,Azərbaycan,Çin,Todaypress.tv,
