Aydan Hüseynli: “Könüllülük mədəniyyətinin mahiyyəti insanlara və cəmiyyətə fayda verməkdir”
Cəmiyyət
28.10.2025 11:58
"Könüllülük mədəniyyətinin əsas məqsədi könüllülər arasında etik davranış, qarşılıqlı məsuliyyət və müsbət brend imicinin formalaşdırılmasıdır".
TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Ailə könüllüləri” layihəsi çərçivəsində “Xeyirxahlıq ailədən başlayır” adlı təlimdə çıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Könüllülər Sektorunun əməkdaşı Aydan Hüseynli bildirib.
Onun sözlərinə görə, könüllülük mədəniyyətinin mahiyyəti insanlara, cəmiyyətə fayda verməkdir:
"Bizim məqsədimiz cəmiyyətə faydalı olmaq, bildiklərimizi paylaşmaq, insanları maarifləndirmək və yardım göstərməkdir. Könüllülüyün dəyərləri əməkdaşlıq, məsuliyyət, empatiya və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Əməkdaşlıq prinsipi o deməkdir ki, biz bir komanda olaraq bir-birimizin fikirlərinə hörmətlə yanaşmalı, qərarları birgə qəbul etməliyik. Hər bir könüllü məsuliyyətli olmalı, ona tapşırılan işi vaxtında və düzgün icra etməlidir. Ən vacib məqamlardan biri də empatiyadır. Yəni qarşıdakı insanı dinləmək, onu anlamaq və hisslərini bölüşməkdir".
Aydan Hüseynli əlavə edib ki, könüllülük fəaliyyəti həm də etik davranış qaydalarına əsaslanmalıdır:
"Könüllü davranış etikasına əməl etməklə cəmiyyətə nümunə olmalıdır. Biz ailələri ziyarət edərək, onların problemlərini dinləyir, eyni zamanda da ümumi mədəni simanın formalaşmasına töhfə veririk. Əxlaqi dəyərlərə və etik prinsiplərə əməl etmək könüllülük mədəniyyətinin əsasını təşkil edir".
Türkan İsgəndərli
tag: Aydan Hüseynli,Ailə,Qadın,Uşaq,Komitə,Todaypress.tv,
