2026-cı ilin dövlət büdcəsi elan olundu: Neft sektoruna olan asılılıq azalacaq…
Cəmiyyət
16.09.2025 11:47
“Maliyyə Nazirliyi 2026-cı ilin dövlət büdcəsinin ilkin göstəricilərini elan edib. Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 38,4 milyard manat təşkil edir”.
TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov açıqlama verib.
O bildirib ki, 2025-ci illə müqayisədə fiskal gəlirlər 0,2%, xərclər isə 0,3% artacaq. 2026-cı ildə isə dövlət büdcəsinin kəsiri 3.1 milyard manat olacaq. Gəlir və xərclərə büdcə kəsiri 2.4% daha artacaq.
“1 barel xam neftinin qiyməti 65 dollardan götürülüb. Qeyd edilir ki, bu qiymət konservativ yanaşma hesab oluna bilməz, çünki beynəlxalq proqnozlara əsasən, neftin qiyməti 50–60 dollar intervalında dəyişir. 2026-cı ildə neft gəlirlərindən sonra formalaşan fiskal gəlirlərdə qeyri-neft sektorunun payı 57,4% olacaq ki, bu da rekord göstəricidir. Bu il isə bu göstərici 52,3% təşkil edib. Beləliklə, fiskal diversifikasiya siyasəti daha da dərinləşəcək, o cümlədən neft sektoruna asılılıq azalacaq. Bu isə iqtisadi sabitlik baxımından müsbət haldır”, - deyə parlamentari açıqlayıb.
O vurğulayıb ki, 2026-cı ildə müdafiə və milli təhlükəsizlik üçün 8,7 milyard, sosial müdafiə və sosial təminat üçün 4,8 milyard, iqtisadi fəaliyyətə 7,6 milyard manat ayrılacaq. Sosial müdafiə və sosial təminat üzrə büdcənin xüsusi çəkisi 11,7% artırılır. 2026-cı ildə bu sahə üzrə xərclər 2025-ci illə müqayisədə 121 milyon manat, yaxud 2,54% çox olacaq.
Qeyd etmək lazımdır ki, bu maddə üzrə xərclər müəyyən sosial təminat xərcləridir. Bu xərclər büdcədən alınacaq. Büdcənin digər istiqamətləri üzrə xərclər və strukturla bağlı ətraflı məlumatlar aidiyyəti qurumlar tərəfindən təqdim olunduqca ictimaiyyətə açıqlanacaq.
Aysel Mətləb
tag: Vüqar Bayramov,Deputat,Facebook,Açıqlama,Todaypress.tv,
